Paşinyan Putinə zəng vurub

Paşinyan və Putin

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Kremlin açıqlamasına görə, N.Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə görüşün yekunları barədə ətraflı məlumat verib. V.Putin isə Yerevanla Bakı arasında davamlı sülhün təmin olunmasına töhfə verən addımların vacibliyini vurğulayıb. "Rusiya tərəfi 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli razılaşmalara uyğun olaraq, Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılmasına, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına kömək etməyə hazır olduğunu təsdiqləyib", - açıqlamada əlavə edilib.

Paşinyan və Pezeşkian

Paşinyan və Pezeşkian arasında telefon danışığı olub

Ermənistan baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Peşezkian arasında telefon danışığı baş tutub. Bu barədə baş nazir Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Facebook paylaşımında bildirib.

Mətbuat katibinin sözlərinə görə, Paşinyan avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların nəticələri barədə İran prezidenti Pezeşkianı məlumatlandıraraq Ermənistanla Azərbaycan arasında əldə olunacaq sülhün region üçün yaratdığı fürsətləri vurğulayıb.

Paşinyan qeyd edib ki, regional kommunikasiya xətləri ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlı hörmət əsasında fəaliyyət göstərəcək

"Paşinyan Pezeşkiana Vaşinqton razılaşmasını obyektiv qiymətləndirməsinə görə təşəkkür edib və İran prezidentinin Ermənistana gözlənilən səfərinin əhəmiyyətini vurğulayıb", - mətbuat katibi əlavə edib.

Ermənistan mətbuatı isə məlumat yayıb ki, Ermənistan xarici işlər nazirinin İranla münasibətlərin koordinasiyasına məsul olan müavini Vahan Kostanyan avqustun 12-də Tehrana səfər edəcək.

Pezeşkian da 'Tramp yolu'ndan danışıb

İran prezidenti Məsud Pezeşkian deyir ki, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin "Tramp yolu" (TRIPP) barədə sazişi İranın tələblərinə cavab verir.

"İslam respublikasının nəzərdə tutduğu kimi, ərazi bütövlüyünün qorunması, Avropa ilə əlaqənin qurulması, onun şimaldan ayrılmaması bu məsələdə nəzərdə tutulub", – "Mehr" agentliyi prezidentə istinadla yazır.

"Yeganə narahatlıq bu yolu Ermənistan və Amerika şirkətlərinin tikmək istəyidir", – o əlavə edib.

Tehran "Tramp yolu"na etirazını bildirib

"İran Rusiya ilə olsa da, olmasa da Qafqazda Amerika dəhlizinin inşasının qarşısını alacaq. Bu dəhliz regionun təhlükəsizliyinə təhdiddir, onun geosiyasi xəritəsini dəyişir", – bunu "Tasnim" agentliyinə müsahibəsində İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib.

O vurğulayıb ki, İran həmişə "Zəngəzur dəhlizi" adlandırılan layihəyə qarşı çıxıb, çünki bu, sərhədləri dəyişdirə, Ermənistanı parçalaya və İranın regiona çıxış imkanlarını məhdudlaşdıra bilər. Vilayətinin sözlərinə görə, Türkiyə və Azərbaycan bu planı daha əvvəl irəli sürdükləri zaman İran onu əngəlləməyə hazır olduğunu göstərmək üçün ölkənin şimal-qərb sərhədlərində bir neçə hərbi təlim keçirib.

İran XİN

XİN-in bəyanatı

Bu hədələyici bəyanatdan öncə isə İran Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşdırılmasını alqışlayıb, bunu regionda davamlı sülhün əldə olunması yolunda mühüm addım sayıb. Tehran həmçinin öz sərhədlərinə yaxın ərazilərdə istənilən xarici müdaxilənin bölgənin təhlükəsizliyi və davamlı sabitliyi üçün doğura biləcəyi mənfi nəticələrdən narahatlığını bildirib. İranın Xarici İşlər Nazirliyi (XİN) avqustun 9-da belə bir bəyanatla çıxış edib.

İran özünün milli hüquq və maraqlarını qorumaqdan ötrü bütün siyasi, hüquqi və iqtisadi tədbirləri görmək öhdəliyini bir daha təsdiqləyir. Tehran vurğulayır ki, kommunikasiya yollarının açılması və nəqliyyat əlaqələrinin bərpası yalnız qarşılıqlı fayda, milli suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipləri çərçivəsində, xarici müdaxilə olmadan gerçəkləşərsə, sabitlik, təhlükəsizlik və iqtisadi inkişafa töhfə verə bilər.

Tehran "3+3" mexanizmini yada salır, regionda sülhün, sabitliyin qorunması məqsədilə Azərbaycan və Ermənistanla əməkdaşlığı ikitərəfli və regional təşəbbüslər, o cümlədən bu formatda davam etdirməyə hazır olduğunu bildirir.

"3+3" formatı Cənubi Qafqazın üç ölkəsi üstəgəl Rusiya, İran və Türkiyənin əməkdaşlığını nəzərdə tutur. Bu formatda bir neçə görüş keçirilsə də, son illər intensiv əməkdaşlıq azalıb.

Azərbaycanla İran arasında da 2024-cü ilə qədər müəyyən gərginlik olsa da, ötən ildən münasibətlərin düzəlməsinə dair qarşılıqlı açıqlamalar verilib. Bununla belə, ötən ay İranla İsrail arasında bir neçə həftə çəkən toqquşmalardan sonra bu ölkədən Azərbaycan əleyhinə də fikirlər səslənmişdi. Azərbaycan rəsmiləri isə İran-İsrail münaqişəsində neytral olduqlarını deyirlər.

Avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.